Toy Gecəsi

0

“Toy gecəsi” bədii televiziya serialı ailə institutu haqqında dramdır. Təməli milli-mənəvi dəyərlər əsasında qoyulan əsl Azərbaycan ailəsi necə olmalıdır? Əsl Azərbaycan ailəsinin strukturu, xarakteri hansı amillər hesabına formalaşır? Ailələrdə ər-arvad, valideyn-övlad, qaynana-qaynata-gəlin-kürəkən münasibətlərindəki çatlar, ailədaxili ziddiyyətlər niyə yaranır və nədən qaynaqlanır? Müxtəlif qohumluq əlaqələri ilə bir-birinə bağlı olan insanlar arasında yaranan uzun illər boyu həll edilməsi mümkün olmayan mülk və digər problemlərin səbəbi nədir? Tamah, paxıllıq, qısqanclıq insan həyatında hansı faciələrlə nəticələnir? Təməli ailədə qoyulan vətənpərvərlik sevgisinin və tərbiyəsinin əsasları necə olmalıdır? Serial boyu dinamik, gərgin və didaktik süjet hesabına bu və digər suallara cavab axtarılır.

“Toy gecəsi” bədii televiziya serialında hədəfə alınan cəmiyyətimiz üçün həlli labüd və ağrılı problemlərdən biri də qadına şiddət məsələsidir. Qadına qarşı şiddətin cəmiyyətdə doğurduğu fəsadlar kimsəyə sirr deyil. Hazırda Azərbaycanda boşanma hallarının böyük əksəriyyəti erkən nigahlar əsasında qurulmuş ailələrdə baş verir. Hələ ailə kimi böyük bir institutun standartlarına cavab verməyən, ümumilikdə erkən yaşda ailə yaradıcısı kimi cəmiyyətin əsas və həlledici bir fiquruna çevrilməyə hazır olmayan gənclər sonradan şəxsi həyatları zəminində arzuolunmaz problemlərlə, depressiyayla nəticələnən zor, şiddət, faciə və bədbəxtçiliklə üzləşirlər. Məhz bu faktor da cəmiyyətin təməlini sarsıdan amillərdən biridir.

Serialda diqqət çəkən digər bir xətt isə nakam və saf sevgidir. Söz yox ki, tipik Azərbaycan ailəsi böyük və möhkəm ənənələrə malikdir. Amma bəzən ailələrdə ailə başçılarının – valideynlərin hökmranlığı o dərəcədə ifrata varır ki, ailə üzvlərinin – gənclərin heç bir müstəqil qərar vermək imkanları olmur. Bir çox hallarda, xüsusilə qız almaq və qız vermək məsələlərində, demək olar ki, bütün qərarları valideynlər verirlər. Həyatın növbəti mərhələsinə keçid hesab olunan bu cür taleyüklü əhəmiyyət daşıyan məqamda gənclər müstəqil şəkildə qərar verməkdənsə, seyrçi mövqe tutmağa məcbur edilirlər. Bu da gənclərin nakam sevgi sindromu ilə üzləşməsinə səbəb olur. Bu sindromun isə hansı acı nəticələrə gətirib çıxarması ilə gündəlik həyatımızda mütəmadi olaraq rastlaşırıq. Digər tərəfdənsə, qarşılıqlı sevgi əsasında qurulmayan bu cür ailələr yaranması qaçılmaz zərurət olan anlaşılmazlıqlar və ziddiyyətlər ucbatından tezliklə iflasa uğrayır. Həmçinin qarşılaşdığı bütün maneələrə rəğmən insanın öz sevgisi uğrunda fədakarcasına mübarizə aparmasının təsirli səhnələrlə təsvir edilməsi “Toy gecəsi”nin əsas hədəflərindəndir.

Serialda qabardılan digər problem isə milli-mənəvi dəyərlərin, adət və ənənələrin qorunması, gələcək nəsillərə olduğu kimi çatdırılması ilə bağlıdır. Habelə serialın baş qəhrəmanlarından biri olan Muradın timsalında 20 yanvar, Qarabağ müharibəsi və Xocalı soyqırımının dünyada tanıdılması və təbliğ edilməsi də nəzərdə tutulur.